skip to Main Content

Narahat ayaqqabılar varikoz damarların inkişafına səbəb ola bilərmi?

Narahat Ayaqqabılar Varikoz Damarların Inkişafına Səbəb Ola Bilərmi?

Ayaq damarlarında varikoz xəstəliyinin qarşısının alınması üçün sağlam bir həyat tərzi keçirilməlidir. Sağlam həyat tərzi yalnız düzgün qidalanma və pis vərdişlərdən imtina ilə deyil, həm də tələb olunan fiziki fəaliyyətlə təmin olunur. Bu fiziki fəaliyyətlərə üzgüçülük və açıq havada gəzintilər daxildir. Rahat ayaqqabı ilə gəzinti ayaq damarlarında varikoz xəstəliyinin qarşısının alınmasının əsas prinsiplərindən biridir. Rahat ayaqqabı ayaqlar üçün əlverişli şərait yaradır.

Ayaqlarda varikoz xəstəliyinin qarşısını almaq üçün ayaqqabı necə seçilməlidir?

Ayaqqabı seçimi edərkən hava keçirə bilən materiallara üstünlük verilir. Bu tərləməni azaldır və buna görə də bütövlükdə orqanizmə müsbət təsir göstərir. Beləliklə açıq hava gəzintisi zamanı ayaqqabı yüngül və rahat olmalıdır. Bu məqsəd üçün ən yaxşı seçim idman ayaqqabısıdır.

Qadınlar tez-tez hündürdaban ayaqqabılara üstünlük verirlər (iş vaxtı da daxil olmaqla, gündəlik geyim üçün hündürdaban ayaqqabı istifadə edirlər). Daimi surətdə dabanın hündürlüyünün 7 sm-dən yuxarı qalxması ayaq damarlarında varikoz xəstəliyinin inkişafı üçün təkan rolu oynaya bilər. Bu baxımdan dabanı hündürlüyü 4 sm-dən çox olmayan ayaqqabı geyinmək məsləhət görülür.

varikoz üçün ayaqqabı

Ayaqqabı altının düz olması da məqsədə uyğun deyil, çünki dabanı olmayan ayaqqabı ayaq üzərinə düşən yükün düzgün paylanmamasına səbəb ola bilər. Beləliklə, həm qadınlar, həm də kişilər üçün ən yaxşısı dabanın hündürlüyü 1-3 sm olan ayaqqabıların seçilməsidir. Yuxarıda qeyd olunan xüsusiyyətlərə malik olan ayaqqabılar yalnız rahat deyil, eyni zamanda ayaqlarda varikozun inkişafının qarşısının alınmasına da köməklik göstərmiş ola bilir.

Ayaqlarda varikoz damarlar olan pasiyentlər üçün ayaqqabı seçimi necə olmalıdır?

Artıq ayaq damarlarında varikoz xəstəliyi olan pasiyent ayaqqabı seçimi edərkən xüsusilə diqqətli olmalıdır. Ona görə ki, varikoz xəstəliyinin təzahürlərindən biri ayaqlarda şişkinliyin olmasıdır. Ümumiyyətlə, belə hallarda şişkinlik şikayətləri pasiyentlərdə günortadan sonra baş verir. Ayaqqabı seçimi edərkən bu həqiqəti nəzərə alaraq, daha sərbəst modellərə üstünlük verilməsi arzu olunur. Geyilən ayaqqabı çox dar olmamalıdır, çünki sıx ayaqqabı ayaq damarlarında qan axınına maneə törədə bilər. Bu da ayaq damarlarının varikoz xəstəliyinin təzahürlərini daha da artırmış olacaqdır.

Suallarınızı həkimlərimizə ünvanlayın

Back To Top