ClariVein metodikası – Varikozun müasir müalicəsi
ClariVein metodikası nədir?
ClariVein proseduru flebologiya elminin bu gün ən sürətlə inkişaf edən tibb elmlərdən biri olduğunun bariz nümunəsidir. Ayaq damarlarının varikoz xəstəliyinin müalicəsində texniki inkişaflara böyük bir tələbat vardır. Bu onunla bağlıdır ki, varikoz damarlarla bağlı son statistik məlumatlara görə dünya əhalisinin demək olar ki, yarısı bu xəstəlikdən əziyyət çəkir. 2005-ci ildən etibarən ayaq damarlarının varikoz xəstəliyinin müalicəsində ClariVein metodikasının istifadə edilməsinə başlanılmışdır.
Varikoz genişlənmiş damarların digər radikal müalicə üsulları kimi bu metodikanın da bir çox üstünlükləri vardır. ClariVein lokal və ümumi anesteziyadan istifadə edilmədən qan dövranı sistemindən patoloji olaraq genişlənmiş varikoz damarların çıxarılmasına əsaslanmışdır. Ayaq damarlarının varikoz xəstəliyinin müalicəsinin digər metodlarından fərqli olaraq, bu müalicə üsulunun əsas əhəmiyyətli üstünlüyü dəridə hər hansı bir qüsurun qalmamasıdır. Yəni, bu üsuldan istifadə edərək, dəridə yara izləri vermədən patoloji genişlənmiş varikoz damarların çıxarılmasını həyata keçirmək mümkündür.
ClariVein-i flebologiya sahəsində müasir təhlükəsiz metod olaraq adlandırmaq olar. Bu metodikanın mahiyyəti həm daxili damar divarının üzərində mexaniki təsirin göstərilməsi, həm də damar boşluğunun xüsusi dərman ilə doldurulmasıdır. Yəni damar divarı mexaniki və kimyəvi təsirə məruz qalmış olur.
ClariVein metodikası necə icra olunur?
Prosedur tamamilə ultrasəs (USM) nəzarəti altında aparılır. Nəzərə almaq lazımdır ki, Endovasal Lazer Ablasiyası, Radio Ablasiyası və s. kimi üsullardan fərqli olaraq, termal enerjidən bu metodikada istifadə edilmir. Yəni ətraf toxumalara təsir olmur və ağır fəsadların yaranma riski azdır.
Bu metodika ilə ağrısız şəkildə və qısa bir müddət ərzində ayaq damarlarının varikoz xəstəliyindən xilas olmaq olar. Bu vəziyyətdə bu üsul varikoz damarların inkişafının müxtəlif mərhələlərində istifadə edilə bilər. Məsələn, ClariVein üsulu ilə müalicənin göstəricisi varikoz damarların inkişaf mərhələsinin CEAP beynəlxalq təsnifatına görə C1 və C3 mərhələləridir. C1 mərhələsi dəri səthində kiçik “damar ulduzcuqlar”ın görünüşünü ehtiva edir. C3 mərhələsi isə böyük damarın çıxması ilə xarakterizə olunur. Belə ki, bu metodikadan istifadə edərək həm böyük genişlənmiş damarlardan, həm də kiçik kapillyar torlardan xilas olmaq olar. ClariVein prosedurundan sonra gündəlik həyat ritmi pozulmur və dərhal pasiyent evə buraxılır.