Ayaqlardakı varikoz damarların inkişafında passiv həyat tərzinin rolu
Müasir dövrdə insanlar yaşayış və iş şəraiti ilə əlaqədar olaraq passiv həyat tərzi keçirirlər. Bunun əsas səbəbi texnologiyaların ən çox bu istiqamətdə inkişafı, işin oturaq rejimdə keçməsi və idman üçün vaxtın olmaması ilə əlaqədardır.
Passiv həyat tərzi nəyə səbəb ola bilər?
Passiv həyat tərzi hemoroy, qəbizlik və ürək-damar xəstəlikləri kimi bir çox xroniki xəstəliklərin inkişafına gətirib çıxara bilər. Eyniylə, passiv həyat tərzi ayaqlarda varikoz damarların meydana gəlməsinə səbəb olur. Məlumdur ki, bu cür ixtisasların nümayəndələri – katibələr, ofis işçiləri varikoz damarların inkişafına daha çox meyilli olurlar. Bu monoton oturma mövqeyində uzun müddət insanın vaxt keçirməsi ilə bağlıdır. Normal şəraitdə ayaqlarda qapaq aparatı və “vena-əzələ” nasosunun işləməsi səbəbindən ürəyə qan axını baş verir. Uzun oturma mövqeyi ilə əlaqədar bədənin qan dövranı pozulur, “vena-əzələ” nasosunun (aktiv hərəkətlərin olmaması və ayaq əzələlərinin az işləməsi) işi zəifləyir. Bu səbəbdən qan axını çətinləşir və ayaq damarlarında qanın durğunluğuna gətirib çıxarır.
Əgər oturma mövqeyinə əlavə olaraq, ayaq ayaq üzərinə qoyularsa, bu halda vəziyyət daha da pisləşir. Buna görə də uzun müddət oturma mövqeyində ayaqları bir-birinin üstünə keçirmək məsləhət görülmür. İş yerinizdə mümkündürsə ayaqlarınızı yerdən yuxarı qaldırmaq (məsələn, masanın altına kiçik bir obyekt qoymaq) məqsədəuyğundur. Oturma və gəzinti arasında rejimi dəyişmək lazımdır. Bu vəziyyətdə ayaqlarda əzələlər yaxşı işləyir və qanın yuxarıya doğru hərəkət etməsinə şərait yaradır.
Beləliklə, passiv həyat tərzi varikoz damarların inkişafına səbəb ola bilər. Həyat tərzinin daha aktiv bir şəkildə dəyişilməsi vəziyyətin yaxşılaşdırılmasına kömək edə biləcəkdir. Buna görə də ayaqlarda varikoz damarların kompleks müalicəsində terapevtik gimnastika və müxtəlif idman növləri (həddindən artıq fiziki fəaliyyət, ağır atletika və digər fiziki güc tələb edən idman növləri istisna olmaqla) tətbiq edilməlidir.